Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib (VİDEO) - QİYMƏTİ

Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib (VİDEO) - QİYMƏTİ

    Elon MuskTesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqdim edib. Sözügedən elektromobil yeni transmissiya, əlavə elektromühərrik və yaxşılaşdırılmış avtonom çalışma ilə seçilir. Bu barədə Engadget saytı xəbər verib. Musk-ın verdiyi məlumata əsasən Model S Plaid elektromobili bir dəfə şarj olunandan sonra 837 km yol qətt edə bilir.

    Bununla belə bir dəfə şarj olunandan sonra uzun yol qətt etmə imkanı Model S Plaid-də reallaşdırılmış yeganə yenilik deyil. Belə ki, bu elektromobil 3 ədəd elektromühərrik ilə təchiz olunub. Bu isə elektromobilin gücünün və dinamika sürətinin artmasına şərait yaradır. Məlumatda qeyd edilib ki, təkmilləşdirilmiş elektromobil 1100 at gücünə sahibdir.

 

Bununla yanaşı o, maksimal olaraq saatda 322 km sürətlə hərəkət edə və saatda 100 km sürəti 2 saniyəyə yığa bilər. Üçüncü elektromühərrikin yerləşdirilməsi elektromobilin gövdəsini bir qədər uzadıb. Musk bildirib ki, Model X modeli də Plaid versiyasını əldə edə bilər. Tesla Model S Plaid-in qiyməti 139.990$ təşkil edir. Sözügedən modelin gələn ilin sonunda satışa çıxacağı planlaşdırılır.